ELM VƏ TƏHSİL
AMEA-nın Geologiya və Geofizika İnstitutunun illik hesabatı dinlənilib
Bakı, 24 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) bu elm müəssisəsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, akademiyanın Yer Elmləri Bölməsi və GGİ-nin elmi şurasının birgə iclasında AMEA-nın prezidenti, institutun direktoru, akademik Akif Əlizadə, elmi ictimaiyyətin digər tanınmış nümayəndələri iştirak ediblər.
İnstitut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun təqdim etdiyi hesabatda bildirilib ki, AMEA 70 illik yubileyini qeyd etməyə hazırlaşır. Azərbaycanda elmin çiçəklənməsi, iqtisadi inkişafın dinamikası ölkə rəhbərliyinin fundamental və tətbiqi tədqiqatların inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsidir.
Diqqətə çatdırılıb ki, hesabat ili AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlamətdar olub. Cari ilini iyun ayında keçirilmiş seçkilərdən sonra AMEA-nın həqiqi üzvlərinin sayı 26, müxbir üzvləri isə 50 nəfər artıb. GGİ-nin əməkdaşları arasından 2 həqiqi üzv, 3 müxbir üzvün seçilməsi institutun xidmətinə verilən böyük qiymətdir. Bununla yanaşı, GGİ-də 5 problem üzrə 15 mövzuda 25 elmi tədqiqat işi aparılıb. Ümumən 12 elmi tədqiqat işi başa çatdırılıb, 2 mühüm elmi nəticə əldə edilib. Həmçinin 7 qrant layihəsinin icrası tamamlanıb, 9 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.
2014-ci ildə GGİ-nin prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin əsas hissəsi “2007-2014-cü illər ərzində Cənubi-Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı”nın icrası ilə bağlı olub. Cənubi Xəzər çökəkliyinin keçən əsrin 50-ci illərindən mövcud olan geoloji-geofiziki modeli yeni məlumat, nəzəriyyə və texnologiyalar əsasında təkmilləşdirilib.
Hesabat ilində institut əməkdaşlarının 91 elmi əsəri dərc olunub. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 37 elmi məqalə çap etdiriblər. Onlardan 17-si impakt faktorlu jurnallarda işıq üzü görüb.
İnstitutun gənc alimləri Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin elmi-tədqiqat müəssisələrində təcrübə keçib, təlim, seminar və konfranslarda iştirak ediblər.
GGİ-də 2014-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə 18 doktorant təhsil alıb. Hazırda institutun Geotektonika və regional geologiya şöbəsinin elmi işçisi Fuad Əliyev doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün İsveçrənin Friburq Universitetində 6 aylıq ezamiyyətdədir. Bu gün elmi müəssisədə 8 bakalavr və 19 magistrant çalışır. Onların buraxılış işləri və dissertasiyaları çalışdıqları şöbələrdə aparılan elmi tədqiqatların mövzularına müvafiq müəyyən edilir.
Akademik A.Əlizadə çıxış edərək institutda il ərzində görülən işlərlə bağlı fikrini bildirib, tövsiyələrini verib.
Sonra hesabatla bağlı çıxışlar dinlənilib, institutun 2014-cü ildəki fəaliyyəti yüksək qiymətləndirilib.