ELM VƏ TƏHSİL
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin iclası aktual məsələlərə həsr olunmuşdur
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin V büro iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, büro üzvləri, bölmə üzrə elmi-tədqiqat müəssisələrinin direktorları, aidiyyəti institut əməkdaşlarının iştirak etdikləri iclası giriş sözü ilə açan Bölmənin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
AMEA tərəfindən keçiriləcək ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq elmi konfransdan söz açan K.Abdullayev tədbirdə xarici ölkə nümayəndələrinin, elm və ictimai xadimlərin iştirak edəcəyini, konfransın akademiyanın elmi-tədqiqat müəssisələrinin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayacağını qeyd etmişdir.
İclas çərçivəsində N. Qarayevin şəxsi arxivinə aid bəzi qovluqların araşdırılmasına dair ekspert komissiyası, Nizami Gəncəvi və Mirzə Fətəli Axundzadə ensiklopediyalarının hazırlanmasına dair redaksiya heyəti yaradılmış, eləcə də Həsən bəy Zərdabi haqqında elmi-populyar kitabın hazırlanması, “Xəbərlər” (Humanitar elmlər seriyası) jurnalının redaksiya heyətinin yeni tərkibi haqqında məsələlər müzakirə edilmişdir.
Sonda elmi-tədqiqat müəssisələrinin bir sıra kadr və cari məsələlərinə baxılmışdır.