ELM VƏ TƏHSİL
AMEA-NIN KİMYA ELMLƏRİ BÖLMƏSİNİN ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin (AMEA KEB) 2007-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş iclas keçirilmişdir.
Akademiyadan bildirmişlər ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov elmimizin inkişafı üçün həyata keçirilən tədbirlərdən bəhs etmiş, alimlərə yeni nailiyyətlər arzulamışdır.
AMEA KEB-in akademik katibi, akademik Vaqif Fərzəliyev hesabat məruzəsində diqqətə çatdırmışdır ki, keçən bir il müddətində bölmənin müəssisələrində elmi tədqiqatlar müvafiq proqramlar üzrə aparılmışdır. Ötən il 18 problemə dair 40 mövzu üzrə tədqiqat işi görülmüşdür. Alimlər fundamental və tətbiqi tədqiqatlar sahəsində 30 mühüm nəticə əldə etmişlər. 12 kitab, 677 məqalə və tezis (onlardan 188-i xarici ölkələrdə) nəşr etdirilmiş, 5 doktorluq, 19 namizədlik dissertasiyaları müdafiə olunmuş, 27 patent alınmışdır.
Sonra akademiklər Abel Məhərrəmov, Musa Rüstəmov və digər alimlər çıxış etmişlər.
İclasda bölmənin illik fəaliyyəti yüksək qiymətləndirilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, təkliflər verilmişdir.