ELM VƏ TƏHSİL
AMEA-NIN MƏRKƏZİ ELMİ KİTABXANASININ FƏALİYYƏTİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclası keçirilmişdir.
İclası AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açmışdır.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva - Kəngərli kitabxananın 2007-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmiş, ötən ildə görülmüş işlər, əldə edilmiş uğurlar və mövcud problemlər barədə ətraflı məlumat vermişdir.
AMEA rəyasət heyəti yanında fəaliyyət göstərən Terminologiya Komissiyasının (TK) sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədi ilə faydalı işlər görüldüyünü qeyd etmişdir. Bildirilmişdir ki, 2007-ci ildə “Vindovs əməliyyat sisteminin sözlüyü”, “Biologiya terminlərinin izahlı lüğəti”, “Torpaqşünaslıq və aqrokimya üzrə izahlı lüğət”, “Rusca - ingiliscə idman terminləri lüğəti”, “Soyuq silahın kriminalistik ekspertizası üzrə xüsusi terminlər lüğəti” və “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti” müzakirə edilmiş, təkmilləşdirildikdən sonra nəşrə təqdim olunmuşdur. TK-nın qərarı ilə nəşr olunan “Geologiya terminlərinin izahlı lüğəti” böyük maraq doğurmuşdur.
Komissiya terminologiyanın dilçilik problemlərinin öyrənilməsi ilə məşğul olmuş, Nəsimi adına Dilçilik İnstitutunun elmi-tədqiqat planında nəzərdə tutulan “ Azərbaycan dilində terminologiyanın inkişaf meyilləri” tədqiq edilmişdir.
MEK-in və TK-nın fəaliyyətləri qənaətbəxş qiymətləndirilmişdir.