MƏDƏNİYYƏT
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Qafqazşünaslıq” biblioqrafik göstəricisi çapdan çıxmışdır
Bakı, 30 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının nadir nəşrlər fondunun hazırladığı “Qafqazşünaslıq (XVIII-XX əsrlər)” biblioqrafik göstəricisi çapdan çıxmışdır.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, göstəricidə Qafqazın, İranın və Türkiyənin qədim tarixi, orta əsrlər və XX yüzilliyin tarixi dövrləri əhatə olunur.
Göstərici Qafqaz xalqlarının tarixini, coğrafiyasını, etnoqrafiyasını, arxeologiyasını, ədəbiyyat və incəsənətini müfəssəl öyrənmək üçün dəyərli vəsaitdir. Kitab üç iri bölmədən - Qafqaz, İran və Türkiyə bölmələrindən ibarətdir.
Qafqaz bölməsinə müstəqil üç Qafqaz respublikaları - Azərbaycan, Gürcüstan, Ermənistan və hazırda Rusiya Federasiyasının müstəqil subyektləri sayılan Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Şimali Osetiya, Çeçenistan respublikaları, Krasnodar və Stavropol diyarları, Rostov vilayəti, Qaraçay-Çərkəz, Adigey respublikaları və başqaları daxil edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəyi əsasında hazırlanan, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu, Gülarə Xələfovanın və Nigar Babayevanın tərtibçiliyi ilə işıq üzü görən göstəricidə tarix, coğrafiya, etnoqrafiya, arxeologiya, kənd təsərrüfatı, sənaye, dövlət idarəçiliyi, maarif, ədəbiyyat, incəsənət və biblioqrafiya bölmələri əhatə olunur. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda yardımçı aparat-adlar və müəlliflərin əlifba göstəricisi verilmişdir.
Kitab qafqazşünas alimlər, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrin problemləri ilə məşğul olan tədqiqatçılar üçün böyük maraq doğurur. Burada, həmçinin türkoloqlar üçün çox qiymətli materiallar da təqdim olunur.
Biblioqrafik göstəricidə olan materiallar Qafqaza dair bir çox məsələlərə işıq salmağa yardımçı ola bilər.