ELM VƏ TƏHSİL
AMEA-nın Mərkəzi Nəbatat Bağında uğurlu tədqiqat işləri aparılmışdır
Bakı 10 yanvar (AzərTac). Abşeronun torpaq-iqlim şəraitinə uyğun, quraqlığadavamlı, ziyanverici və xəstəliklərə qarşı immun, yüksək dekorativ keyfiyyətli yerli qızılgül çeşidləri yetişdirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında sortların hibridləşdirilməsi və seleksiyası istiqamətində tədqiqat işləri aparılır.
AZƏRTAC xəbər verir ki, çay-hibrid, floribunda və pletist bağ qruplarından olan qızılgül sortları arasında eləcə də çarpaz tozlandırmadan alınmış hibrid toxmacarlar öz qrupları daxilində müxtəlif kombinasiyalı 436 sayda çarpaz tozlandırma aparılmış, onlardan 212-də tozlandırma baş tutmuş və meyvə bağlamışdır. Hibridləşdirmədə kolleksiyada digər qruplardan olan sortlardan da istifadə olunmuşdur.
Ümümiyyətlə, 2006-ci ildən başlayaraq 2013-cü ilədək davamlı olaraq hibridləşdirmə üsulu ilə 2001 sayda müxtəlif kombinasiyalı çarpaz tozlandırma aparılmış, onlardan 1132-də tozlandırma baş tutmuş və meyvə bağlamışdır. Hazırda təcrübə sahəsində 600-dən artıq hibrid toxmacarlar və onların vegetativ üsullarla çoxaldılmış 3500-dən artıq reproduksiyalarından ibarət olan əkin materialları vardır. Onlardan çoxlu sayda yaşıl qələmlər hazırlanmışdır və ilin müxtəlif fəsillərində çoxaldılması həyata keçirilir.
Müxtəlif illərdə yetişdirilmiş hibrid qızılgüllər üzərində tədqiqat işləri aparılmış, onların biomorfoloji xüsusiyyətləri və dekorativ göstəriciləri öyrənilmişdir.