ELM VƏ TƏHSİL
AMEA-nın Naxçıvan bölməsində “Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri” Monoqrafiyasının təqdimatı olmuşdur
Bakı, 13 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində qurumun Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin və institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayevin birgə hazırladıqları “Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri” monoqrafiyasının təqdimatı olmuşdur.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının (MR) yerüstü sərvətlərinin zənginliyi ilə yanaşı, yeraltı mineral sərvətlərinin müxtəlifliyinə və ehtiyatına malik zəngin diyar olduğunu vurğulamışdır. Müəlliflərin bu mövzu ətrafında uzun illər apardıqları çoxsaylı tədqiqatları yüksək qiymətləndirən akademik bildirmişdir ki, MR-ın filiz, qeyri-filiz və inşaat materiallarının kimyası və texnologiyası, onlardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunan birləşmələrin alınması yeni nəşrdə ətraflı şəkildə işıqlandırılmışdır. Monoqrafiyada regionun təbii sərvətlərinin geoloji, kimyəvi və iqtisadi tədqiqi istiqamətində aparılan müxtəlif elmi-tədqiqat işləri elmi cəhətdən əsaslandırılmışdır.
Geniş оxucu kütləsinə təqdim оlunan monoqrafiyanın üstün cəhətlərindən söz açan akademik demişdir ki, muxtar respublikanın təkcə mineral xammal bazası 41 müxtəlif faydalı qazıntı yataqlarının sənaye ehtiyatlarını özündə cəmləşdirir. Sözügedən elmi əsərdə də MR-in zəngin yeraltı sərvətləri, uzun illər istismar olunmuş mədənlərdən yığılıb qalan tullantıların yenidən işlənməsi, eləcə də yerli mineral xammallar əsasında işlənib hazırlanmış texnologiya üzrə alınan məhsulların perspektivliyi geniş şəkildə təhlil edilmişdir.
Sonra Təbii Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova “Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətlərinə həsr olunmuş qiymətli əsər” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qulu Həziyev, Biоresurslar İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Tariyel Talıbоv və başqaları monoqrafiyanın Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərini dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbə olduğunu söyləmişlər.