ELM VƏ TƏHSİL
AMEA–NIN RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNDA HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda 2007-ci ildə elmi və elmi-təşkilati fəaliyyətə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İnstitutun elmi işlər üzrə direktor müavini, professor Rəvan Mehdiyeva hesabat məruzəsində qeyd etmişdir ki, il ərzində elmi tədqiqat işləri prioritet istiqamətlər üzrə aparılmışdır. Məruzədə “Texnologiya” qrupu, “Cihazların radiasiyası fizikası”, “Polimerlərin radiasiyası fizikası”, “Radiobiologiya” və digər laboratoriyaların fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Əldə olunan mühüm nəticələr haqqında danışan natiq elektron xəritələrin, nüvə və radiasiya təhlükəsizliyi mərkəzinin, Beynəlxalq Nüvə Məlumatları Sisteminin yaradıldığını, ən müasir texnologiyalarla təchiz olunmuş İzotop mərkəzinin açıldığını nəzərə çatdırmışdır.
İnstitutun beynəlxalq qurumlarla əlaqələri haqqında danışan R.Mehdiyeva institut əməkdaşlarının konfrans və seminarlarda iştirakı haqqında geniş məlumat vermişdir. O, institutda 1 doktorluq, 8 namizədlik dissertasiyasının müdafiə olunduğunu, elmi müəssisənin əməkdaşları tərəfindən 169 məqalənin (onlardan 93-ü xaricdə) dərc olunduğunu vurğulamışdır.