ELM VƏ TƏHSİL
AMEA-nın rəyasət heyəti Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirmişdir
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbiri AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli açaraq 15 iyunun Azərbaycan xalqı üçün şərəfli gün olduğunu bildirmişdir. İyirmi il bundan əvvəl ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə uçuruma yuvarlanmaqdan qurtulmuşdur. Azərbaycan tarixində dönüş nöqtəsi yazmış bu hadisə ölkə elmini də məhv olmaqdan xilas etmişdir. Alimlərimiz bu bayramı Ümummilli Liderə minnətdarlıq hissi ilə qeyd etməyə toplaşmışlar.
Sonra İ.Həbibbəyli “Azərbaycanda milli qurtuluş: tarixin dönüş məqamından yüksək inkişafa” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. O, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir mərhələdəki hərtərəfli inkişafından bəhs edən məruzədə xatırlatmışdır ki, Milli Qurtuluş Günü 1997-ci ildən qeyd edilir və 1998-ci ildə bu bayrama dövlət statusu verilmişdir.
1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etmiş Azərbaycan sonradan Ermənistanın işğalçı siyasəti nəticəsində böhrana məruz qalmışdır. 1993-cü ilə qədər zamanın ağır sınağı kimi müşahidə olunan həmin dövr məhz xalqın xilaskarı Heydər Əliyevin 15 iyunda hakimiyyətə qayıdışı ilə sona çatmışdır. Həmin gündən Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində elmin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasət sayəsində AMEA Azərbaycan xalqının intellektual sərvəti kimi qorunub saxlanılmış, fəaliyyət dairəsi xeyli genişləndirilmiş və səlahiyyətləri artırılmışdır. Bundan əlavə, Azərbaycan Elmlər Akademiyasına Ümummilli Lider tərəfindən milli status verilmişdir.
Akademik, eyni zamanda, vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin elm sahəsində formalaşdırdığı uğurlu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən mühüm islahatlarla davam etdirilir. Alimlər bu siyasətin bundan sonra da uğurla həyata keçirilməsi və elmin inkişafı naminə bütün imkanlarını səfərbər etmişlər.
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibinin müavini, akademik Teymur Bünyadov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini, akademik Maqsud Əliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru Validə Əlizadə və Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov mövzu ilə bağlı çıxış etmişlər.
Konfrans iştirakçıları qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə yekdil fikirlərini ifadə etmişlər.
Elmi konfransda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin Azərbaycanın müstəqillik dövründəki inkişafına həsr olunmuş slaydlar da nümayiş etdirilmişdir.