ELM VƏ TƏHSİL
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasının 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 22 sentyabr (AZƏRTAC). Noyabrın 4-dən 6-dək Şamaxı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasının 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir.
Rəsədxanadan AZƏRTAC-a bildirmişlər ki, AMEA, Şamaxı Astrofizika Rəsədxanası və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda MDB-nin böyük rəsədxanalarının rəhbərləri ilə yanaşı, bir sıra tanınmış alimlər də iştirak edəcəklər.
Konfransda rəsədxanada 60 ildə aparılmış elmi-tədqiqat işləri barədə qısa məruzələrin (Günəş fizikası, Günəş-Yer əlaqələri, ulduzlar fizikası və Günəş sistemi cisimləri) və dəvət olunmuş mütəxəssislərin müasir astronomiyanın aktual problemlərinə həsr olunmuş mühazirələrinin dinlənilməsi nəzərdə tutulur.