ELM VƏ TƏHSİL
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilmşdir.
Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, seminarı institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, ənənəvi seminarların keçirilməsi Azərbaycanda riyaziyyat elminin inkişafına dəstək məqsədi daşıyır və seminarda gənc alimlərin iştirakına geniş yer verilməlidir.
Bakı Dövlət Universitetinin riyazi analiz kafedrasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Ziyadxan Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə ilə çıxış etmişdir.
Sonra məruzə ətrafında geniş müzakirələr aparılmış, suallar cavablandırılmışdır.