ELM VƏ TƏHSİL
AMEA Şəki Regional Elmi Mərkəzində “Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri” mövzusunda seminar keçirilmişdir
Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində “Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri” mövzusunda seminar keçirilmişdir.
AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə
əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, seminarda İpəkçilik Laboratoriyasının əməkdaşı, kiçik elmi işçi Nərgiz Xəlilova mövzu üzrə məruzə etmişdir.
Məruzəçi tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri haqqında məlumat verərək qeyd etmişdir ki, əlverişsiz şəraitə uyğun yeni xətt və hibridlərin yaradılması istiqamətində laboratoriyada elmi-tədqiqat işləri davam etdirilir. Bildirilmişdir ki, havanın temperaturu 15 dərəcəyə düşdükdə ipəkqurdu qidalanmır. Havanın temperaturu 30 dərəcədən yuxarı olanda da ipəkqurdu qidalanmır və tələf olur. Bu səbəbdən ipəkqurdunun normal qidalanması üçün ən əlverişli şərait ətraf mühitdə hava temperaturunun 23-25 dərəcə olması hesab olunur.
Digər tərəfdən, yağıntının və rütubətin çox olması da ipəkqurdunun xəstələnməsinə səbəb olur və onun yaşama qabiliyyətini aşağı salır.
N. Xəlilova, eyni zamanda, laboratoriyada aparılan tədqiqatlar haqqında məlumat vermiş və ipəkqurdunun məhsuldarlığının yüksək göstəricilərə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsini diqqətə çatdırmışdır.