ELM VƏ TƏHSİL
“AMEA Yüksək Texnologiyalar Parkı” birillik fəaliyyətinə dair hesabat verib
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkı (“YT Park”) Müşahidə Şurasının iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu qurumun vitse-prezidenti, akademik İbrahim Quliyev iclasın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış “YT Park”ın birillik fəaliyyətinə dair hesabata həsr edildiyini bildirib. Akademik elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması ilə milli innovasiya ekosisteminin və bilik iqtisadiyyatının qurulmasının “YT Park”ın fəaliyyətinin ali məqsədi olduğunu vurğulayıb.
“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev parkda 2016-2017-ci illərdə görülən işlərdən danışıb. “YT Park”ın mərkəz və şöbələrinin fəaliyyətindən söz açan V. Babayev bildirib ki, cəmiyyətdə təşəbbüskar yanaşmanın inkişaf etdirilməsi ilə layihələri ideyadan biznesə çevrən, texnologiyaların transferini həyata keçirən elmtutumlu mərkəz olaraq Biznes İnkubasiya Mərkəzi (BİM) özündə yeddi mindən artıq peşəkar alim və mütəxəssis toplamaq imkanına malikdir. Sənaye Mərkəzi isə xüsusi statusa malik olan və rezidentlər üçün ideal infrastrukturu təmin edən istehsalat məkanıdır.
İclasda parkın təşkil etdiyi və tərəfdaş olduğu startap müsabiqələri, eləcə də “Yeni fikir” müsabiqəsi, “Climate launchpad” proqramı, elm-təhsil biznes əməkdaşlığı platforması, “Elm-Texnologiya İdeya Bank” və “Alim İnsan” kimi BİM-in layihələrindən danışılıb. “YT Park”ın yerli və xarici qurumlarla əməkdaşlıqları, təşkil edilən görüş, tədbir, təlim proqramları və seminarlar barədə məlumatlar diqqətə çatdırılıb.
Hesabatda, həmçinin AMEA Rəyasət Heyətinin qərarına əsasən Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrində verilmiş tapşırıqların icrası, həmçinin ölkədə bilik iqtisadiyyatı və insan kapitalının davamlı inkişafını rəhbər tutaraq görülən işlərə toxunulub.
Sonra AMEA Yüksək Texnologiyalar Parkının idarəedici təşkilatının və rezidentlərinin hesabatları təqdim edilib.