DÜNYA
Amerika alimləri 1 terabit/saniyə sürətlə ötürən antena kəşf etmişlər
Bakı, 26 mart (AZƏRTAC). Amerikanın Corciya Texnologiya İnstitutunun alimləri saniyədə bir terabit sürətlə məlumatları ötürə bilən, qrafendən (yer kürəsinin ən möhkəm materialı) simsiz antena istehsal etmişlər. Qeyd edək ki, 1 terabit 1024 qiqabitə bərabərdir.
www.cnews.ru saytının məlumatına görə, Corciya İnstitutunun laboratoriya rəhbəri Yan Akildizin demişdir ki, bu, inanılmaz sürətdir. Hazırda kompyuterdən məlumatları köçürmək üçün bir neçə saat lazım gəlir. Yeni texnologiya ilə bu proseduru bir neçə saniyədə yerinə yetirmək mümkündür.
Qrafendən ibarət olan bu antenna göstərilən sürəti bir metr məsafədə təmin etməyi bacarır. Məsafə nə qədər azdırsa, sürət bir o qədər böyük ola bilər. Tədqiqatçıların hesablamalarına əsasən, bir neçə santimetr məsafədə 100 Tbit/saniyəyə qədər sürətə nail olmaq olar. Corciya Texnologiya İnstitutunun bir qrup alimləri il ərzində antenanın prototipini yaratmaq və qalan komponentləri ona əlavə etmək niyyətindədirlər.