DÜNYA
Amerikalı biotexnoloqlar 3D printerdə insan qaraciyərinin analoqunu çap edəcəklər
Bakı, 1 yanvar (AZƏRTAC). Kaliforniyanın “Organovo” biotexnoloji şirkəti 2014-cü ilin sonunadək 3D printerinin köməyi ilə insanın qaraciyərinin analoqunu yaratmağa hazır olduğunu bəyan etmişdir. Qaraciyərin “istehsalı” üçün fiziki obyektin laylarla yaradılması metodundan istifadə edilir. Orqanın süni toxumalarının hazırlanması üçün material qismində canlı hüceyrələrdən istifadə olunur.
Şirkətin məlumatına görə, mühəndislər layihənin inkişafını ləngidən əsas problemi - damar və kapillyar torunun hazırlanması məsələsini praktiki olaraq həll etmişlər. Biomühəndislərin fikrincə, bu mərhələdən keçid yararlı insan orqanının yaradılması imkanından danışmağa əsas verəcəkdir. Lakin 2014-cü ildə yaradılacaq süni qaraciyər transplantasiya üçün yararlı olmayacaq, orqandan yalnız dərmanların təsirinin, həmçinin onkoloji xəstəliklərin müalicəsi üsullarının öyrənilməsi üçün geniş istifadə olunacaqdır.
Şirkətin vitse-prezidenti Mark Renarın sözlərinə görə, insan həyatı üçün zəruri olan bu orqanın yaradılması dərmanların testdən keçirilməsinə sərf olunan vəsaitə yetərli qənaət etməyə imkan verəcəkdir. Dərman preparatlarının əlavə təsirinin, o cümlədən qaraciyərə təsirinin öyrənilməsi əczaçılıq sənayesinin nəhənglərinə milyardlarla dollar məbləğində vəsaitə başa gəlir.
hitech.newsru.com saytının məlumatına görə, 2011-ci ilin noyabrında şirkət 3D-printeri ilə hazırlanmış damarsız qaraciyər toxumalarının kiçik nümunələrini nümayiş etdirmişdir. Toxumalar istənilən dəyişikliyə, o cümlədən zəhər və dərmanların daxil edilməsinə reaksiya verməklə 40 gün fəaliyyət göstərə bilmişdir.
Ekspertlər qeyd etmişlər ki, 3D printerinin köməyi ilə orqanların yaradılması imkanı transplantologiyada inqilab edəcək ki, bu da gələcəkdə şuntlama əməliyyatı üçün süni damarların, sinir ucluqlarının birləşdirilməsi üçün implantların yaradılmasına böyük imkanlar açacaqdır.