DÜNYA
Amerikalı qeyri-müsəlman jurnalisti Həcc ziyarəti zamanı Məkkəyə aparan səudiyyəli həbs olunub
Qahirə, 22 iyul, AZƏRTAC
Məkkə polisi Həcc ziyarəti zamanı müsəlman olmayan amerikalı jurnalisti bu müqəddəs şəhərə aparan Səudiyyə Ərəbistanı vətəndaşını həbs edib.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş prokurorluğu həmin şəxsin saxlanılması üçün rəsmi sənəd verib.
Krallığın Baş prokurorluğunun məlumatında qeyd olunub ki, səudiyyəli şəxs Həcc ziyarəti zamanı amerikalı qeyri-müsəlman jurnalistin zəvvarların marşrutu ilə hərəkət etməsinə yardım edib. Həcc ziyarəti vaxtı müsəlman olmayan şəxslərin müqəddəs məkanlara girişinin qadağan olduğunu xatırladan rəsmi məqam diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanına gələn hər bir əcnəbi yerli qanunlara hörmətlə yanaşmalıdır. Bildirilib ki, Həcc ziyarəti haqqında reportaj hazırlayan amerikalı jurnalist barəsində də Səudiyyə Ərəbistanının qanunları çərçivəsində tədbir görüləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə