Amsterdamdan Bakıya baxış…
Bakı, 28 oktyabr, AZƏRTAC
Təsəvvür edin, Niderlanddasınız və oradan Cənubi Qafqazdakı, xüsusilə də Azərbaycandakı prosesləri izləyirsiniz. Bu zaman nə görəcəyinizi deyim. Əvvəla Azərbaycanın təklif etdiyi əməkdaşlıq imkanları önünüzə çıxacaq. Qlobal dəhlizlər, ticarət və sərmayə imkanlarını deyirəm. Bundan yararlanmaq üçün isə hər kəsə bərabər şərait yaradılıb. Yetər ki, tərəfdaşlar da qazansın, Azərbaycan da.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.
“Məsələ burasındadır ki, yalnız Niderlandan yox, dünyanın hər yerindən ölkəmiz indi belə görünür. Bakıya məhz Niderlandan baxmağı təklif etməyimin isə səbəbi var. Bu günlərdə Niderlandın xarici işlər naziri Tom Berendsenin Bakıda Prezident İlham Əliyevin qəbulunda səmimi söhbətinin şahidi olduq. Görüşdə Tom Berendsen Azərbaycanda yaradılan biznes və ticarət imkanlarına xüsusi diqqət ayıraraq Niderland şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurlu fəaliyyəti barədə danışdı. Bəli, Niderland şirkətləri nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”, - deyə o qeyd edib.
Siyasi şərhçi bildirib ki, Amsterdamın Bakı ilə əməkdaşlığa bu qədər can atması isə təsadüf deyil: “Çünki diplomatiyada təsadüflər olmur, xüsusən də söhbət onilliklər boyu formalaşmış Avropa mərkəzli xarici siyasət arxitekturasından gedirsə. Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın xarici işlər naziri Tom Berendsen ilə keçirdiyi görüş, həm də Bakının qlobal güc mərkəzləri ilə münasibətlərində yeni bir mərhələnin vizual sənədidir.
Tom Berendsenin Bakı səfəri göstərir ki, Niderlandda hökumətlər dəyişsə də, Azərbaycanla bağlı dövlət strategiyası dəyişməz qalır. Çünki bu görüşün kökləri ötən il Kopenhagendə Prezident İlham Əliyevlə Niderlandın sabiq Baş naziri arasında keçirilən strateji müzakirələrə dayanır. Tom Berendsenin Bakıda səsləndirdiyi bir fikir xüsusilə diqqətimi çəkdi. O, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı. Deməli, artıq Qərbin ən mühüm paytaxtlarından biri regional sülhün əsl memarının məhz Azərbaycan olduğunu rəsmən qəbul edir. Azərbaycan həm də böhran anlarında etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Elə son olaraq Yaxın Şərqdə yaşanan gərginlik zamanı Niderland vətəndaşlarının, xüsusən də bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan üzərindən təhlükəsiz təxliyə edilməsini xatırlamaq kifayətdir. Niderlandın Baş naziri də bu hadisəni xatırlatdı və təşəkkür etdi. Bu presedent Bakının qlobal səviyyədə nə qədər etibarlı, strateji cəhətdən əvəzolunmaz və humanitar baxımdan funksional bir qovşaq olduğunu beynəlxalq birliyə nümayiş etdirdi. Avropa öz insanını xilas etmək üçün təhlükəsiz liman olaraq məhz Azərbaycanı seçdi. Bu isə Amsterdamdan baxanda Bakının həm də xilaskar rolunu görməyə imkan verir”.
O diqqətə çatdırıb ki, Avropanın bəzi paytaxtlarında gözünü yumanlar əslində reallığı dəyişə bilmir: “Niderlandla inkişaf edən əlaqələr həm də Avropa İttifaqı daxilində yumulan gözlərin açılması baxımından önəmlidir. Çünki Niderland Avropa İttifaqının qurucu üzvlərindən biridir və ittifaq daxilində çox ciddi iqtisadi-siyasi çəkiyə malikdir. Amsterdamla qurulan bu birbaşa və müsbət dialoq, Azərbaycanın bütövlükdə Aİ strukturları və digər üzv dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin inkişafına birbaşa töhfə verir”.