ELM VƏ TƏHSİL
Ana dilimiz – mənəvi varlığımız
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu bu günün geniş qeyd olunmasının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, 1999-cu ildə UNESCO-nun baş konfransında təsis olunan Beynəlxalq Ana Dili Günü mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək məqsədi daşıyır.
Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladan M.Nağısoylu Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb, ana dilimizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına böyük önəm verildiyini vurğulayıb.
Rəhbərlik etdiyi institutda dilimizin inkişafı və təbliği sahəsində reallaşdırılan tədbirlərdən danışan alim qeyd edib ki, ana dilimiz xalqımızın ən böyük mənəvi sərvətidir. Bu əvəzsiz sərvəti qorumaq və təbliğ etmək hər bir vətəndaşın müqəddəs borcudur.
Professorlar Buludxan Xəlilov, Sənubər Abdullayeva və digər alimlər də ulu öndər Heydər Əliyevin ana dilimizin inkişafına və saflığının qorunmasına daim xüsusi önəm verdiyini xatırladıblar. Çıxışlarda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı imzaladıqları fərman və sərəncamların əhəmiyyətindən bəhs olunub.
Sonra “Ana dili müstəqilliyimizin atributu kimi”, “Dil xalqın mənəvi varlığıdır”, ”Ana dilimizin saflığını qoruyaq” mövzularında məruzələr dinlənilib.