CƏMİYYƏT
Ana olmaq istəyənləri hepatitlərdən qoruyaq
Bakı, 19 avqust, AZƏRTAC
“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Hepatitlərdən qorunaq!” adlı ictimai maarifləndirmə tədbirlərini nəzərdə tutan layihəyə başlayıb.
Layihə Azərbaycanda viruslu hepatitlərin hamilə və hamiləliyi planlaşdıran qadınlar üçün yaratdığı həyati təhlükələr, hepatitlərə yoluxma yolları, yoluxma risklərinin azaldılması üsullarına dair maarifləndirmə tədbirlərinin sözügedən qrup və həmçinin ümumi əhali arasında təşkilini nəzərdə tutur.
Bu barədə AZƏRTAC-a məlumat verən layihə rəhbəri Fəxriyyə Abdullayevanın sözlərinə görə, hazırda bütün dünyada viruslu hepatitlər sosial əhəmiyyətli xəstəliklər sırasındadır və insanların həyatını təhdid etməkdə davam edir: “Hepatitlər müasir tibbin və insanların ciddi problemi və təhlükəsidir. Onu bəşəriyyətin “Sarı torani-Sarı süqutu” adlandırırlar. Hepatitlər hətta insanın immun çatışmazlığı virusundan (HİV) daha yüksək sürətlə yayılır. 2010-cu ildə Ümumdünya Sağlamlıq Assambleyasının sessiyasında hər il iyul ayının 28-nin Hepatitlərlə Mübarizə Günü kimi qeyd olunmasına qərar verilib. 2013-cü ildən isə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun nəzdində Hepatitlərlə bağlı araşdırma üzrə ayrıca şöbə təşkil edilib. Burada əsas məqsəd xəstəliyin təhlükəsini ictimailəşdirmək, insanların hepatit virusuna yoluxmasının qarşısını almaq məqsədilə kütləvi maarifləndirmə tədbirlərinə yer ayırmaqdır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına əsasən hepatitlərə yoluxanların sayı 2 milyardı keçib, hər il dünyada hepatitlərdən 2 milyondan yuxarı insan ölür. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yeri tutur. Beynəlxalq statistikaya görə, hazırda dünyada hər 12 nəfərdən biri hepatitlə yoluxub. ÜST bəyan edib ki, hamilə qadınlar hazırda daha çox risk altındadır.
“Məhz buna görə ana olmağa hazırlaşan qadınlarımızın maarifləndirilməsi və vaxtında müayinələrdən keçməsinə xüsusi ehtiyac var. Çünki hepatit təkcə ana bətnində olan uşaq üçün yox, həmçinin virus vaxtında aşkarlanmadıqda ananın da sağlamlığı və həyatı üçün böyük riskdir” - deyə F.Abdullayeva əlavə edib.
Layihənin məqsədi hamilə və hamiləliyi planlaşdıran qadınlar arasında viruslu hepatitlərə yoluxma hallarının azaldılmasına ictimai yardım göstərməkdir. Layihəyə əsasən perinatal mərkəzlər, qadın məsləhətxanaları və ginekoloji kabinetlərdə maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır.
Dörd ay davam edəcək layihənin icrasına dair ictimaiyyətə müntəzəm olaraq məlumat veriləcək.