CƏMİYYƏT
ANAMA Tərtər və Ağcabədidə aşkarlanan mina və partlamamış hərbi sursatlar barədə hesabat yayıb
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 10 ev, 4 əkin sahəsi, 16 partlayış yeri yoxlanılıb. Nəticədə “OF-412” markalı 100 millimetrlik partlamamış top mərmisi aşkarlanaraq götürülüb, 25 min 220 kvadratmetr ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Qarağacı kəndində üç ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. On iki min kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib. Hacıqərvənd kəndində iki ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 3500 kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkarlanmayıb. Azadqaraqoyunlu kəndində dörd əkin sahəsində, 4 partlayış yerinə baxış keçirilib. Burada 720 kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar olunmayıb. Şıxarx kəndində isə bir ev və həyətyanı sahəyə, 2 partlayış yerinə baxış keçirilib. Nəticədə “OF-412” markalı 100 millimetrlik partlamamış top mərmisi götürülüb və 3 min kvadratmetr ərazi yoxlanılıb. Qaynaq kəndində bir ev və həyətyanı sahəyə, 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkarlanmayıb.
Ağcabədi rayonunun Qaraxanlı kəndində isə üç ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib. Altı min kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən mayın 3-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad və Ucar rayonlarında 410 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 2 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 5 fermaya, əkin sahələrinə və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. 1304 partlamamış hərbi sursat, piyada əleyhinə 10 və tank əleyhinə 6 mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirilir.