CƏMİYYƏT
Anar Əliyev: Ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb
Bakı, 26 iyul, AZƏRTAC
Mediasiya institutu yeni yaranıb və əmək mübahisələrinin məhkəmədən kənar, özündə həllini nəzərdə tutur. Əmək münasibətləri istiqamətində son 4 il ərzində üç böyük sosial islahat həyata keçirilib, dövlət büdcəsindən 6 milyard manata yaxın vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirələrdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
“Ötən müddət ərzində ölkədə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı isə 50 faizdən çox artıb. Ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb", - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, şəxsin daimi məşğulluğu onun ən böyük sosial müdafiəsidir. Bununla şəxs bütün sosial risklərdən sığortalanmış olur. Belə bir institutun yaranması işəgötürənlər və işçilər üçün olduqca vacibdir. Bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini qeyd edən Anar Əliyev bildirib ki, nazirlik mediasiya institutunun inkişafında maraqlıdır.