İQTİSADİYYAT
“Ani Ödənişlər Sistemi” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 37.4 min ədəd olub
Bakı, 22 fevral, AZƏRTAC
Ötən il ərzində 24/7 rejimində fəaliyyət göstərən “Ani Ödənişlər Sistemi”nin (AÖS) əhatə dairəsi və funksionallıqları genişləndirilib, kiçik təsərrüfat subyektlərində nağdsız ödənişlərin qəbuluna imkan verən QR kod kimi sərfəli ödəniş üsulları yaradılıb. Eyni zamanda, ölkə ərazisində vahid QR kod standartının tətbiqi məqsədilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” hazırlanaraq təsdiq edilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN,VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən AÖS-ə hazırda 21 bank, “Azərpoçt” MMC və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunub. AÖS vasitəsilə 2021-ci il ərzində həyata keçirilən ödənişlərin sayı 37.4 min ədəd, həcmi isə 97.9 milyon manat olub. 2021-ci ildə AÖS platformasında “QR kod” vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə edilmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. 2021-ci il ərzində “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 2.3 min ədəd, həcmi isə 7.9 min manat olub.