REGİONLAR
Anım Günü Şəkidə də silsilə tədbirlərlə qeyd olunub
Şəki, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəki Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, dövlətimizin başçısının Sərəncamı ilə hər il sentyabrın 27-sinin Anım Günü kimi qeyd olunmasının şəhid ruhlarına, şəhidlərin doğmalarına böyük ehtiramın bariz nümunəsi olduğunu bildirib. İcra hakimiyyətinin başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Şəkidə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulacağını və ehtiramla yad ediləcəyini vurğulayıb.
Sonra Azərbaycan Televiziyasının hazırladığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunmuş “Biz Qarabağı unutmadıq” adlı film nümayiş etdirilib.
Qeyd edək ki, Anım Günü ilə əlaqədar qəsəbə və kəndlərdə də tədbirlər keçirilib, Şəki şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub, rayonda ərazisində yaşayan şəhid, qazi ailələri ziyarət edilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Anım Günü ilə əlaqədar şəhərdə yerləşən ictimai binalardan və eyvanlardan Azərbaycan bayraqları asılıb.