RƏSMİ XRONİKA
ANITQƏBİRİ ZİYARƏT
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Esenboğa hava limanından birbaşa Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlmişdir.
Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.
Prezident İlham Əliyevin adından məzarın önünə əklil qoyuldu, türk dünyasının böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı: “Türkiyə Cümhuriyyətinin qurucusu böyük öndər Mustafa Kamal Atatürkün məzarı önündə baş əyirəm.
Böyük Atatürkün xatirəsinə Azərbaycan xalqının dərin hörmətini bildirirəm. Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
5 noyabr 2008-ci il.”
######