SİYASƏT
Ankarada II Türk Dünyası Qadınlar Qurultayı keçirilir
Ankara, 31 may (AZƏRTAC). Ankarada Türk Ocaqlarının 100 illik yubileyi münasibətilə II Türk Dünyası Qadınlar Qurultayı keçirilir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İraq və dünyanın müxtəlif ölkələrində yaşayan türk qadınlarının iştirak etdiyi qurultay nümayəndələri Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sadık Yakut və Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahinlə görüşmüşlər.
Qurultayın açılışında çıxış edən Türk Ocaqları qadın təşkilatının sədri, professor Filiz Avşar türkdilli ölkələrdən gəlmiş qadınları salamlamış, qardaş dövlətlərin beynəlxalq aləmdə möhkəmlənməsi üçün zərif cinsin nümayəndələrinin daha sıx əməkdaşlığının zəruriliyini vurğulamışdır.
Türk Ocaqlarının sabiq və hazırkı sədrləri Nuri Gürgür və Məhmət Öz “Siyasət, cəmiyyət və mediada qadının rolu” və “Qadın təhsil həyatında” mövzularında seminarlarda aparılacaq müzakirələrin əhəmiyyətindən bəhs etmişlər.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Azərbaycanda qadınların siyasət və ictimai həyatda fəal iştirakının dövlətin diqqət mərkəzində olmasından, bunun nəticəsində son illər parlament, icra orqanları və bələdiyyələrdə xanımların sayının artmasından geniş bəhs etmişdir. Deputat türk dünyası qadınlarının ortaq dəyərlərimizin qorunması və problemlərin həllində birgə fəaliyyətinin zəruriliyini də vurğulamış, cəmiyyətin aparıcı sahələrindən biri olan mətbuat və informasiya sektorunda onların rolundan bəhs etmişdir.
Qurultay mayın 31-də öz işini davam etdirəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara