DÜNYA
Ankarada Türkiyə və Rusiya müdafiə nazirlikləri arasında danışıqlar başa çatıb
Bakı, 2 noyabr, AZƏRTAC
Ankarada Türkiyə və Rusiya müdafiə nazirlikləri arasında noyabrın 1-2-də aparılan danışıqlar başa çatıb. AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Nazirliyin məlumatında deyilir ki, iki ölkənin liderləri arasında 2019-cu il oktyabrın 22-də Rusiyanın Soçi şəhərində əldə olunmuş razılaşma çərçivəsində Ankaraya səfər etmiş Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə sayca ikinci görüş keçirilib. Görüşdə Suriya üzrə taktiki və texniki məsələlər müzakirə olunub. Bundan əvvəl, oktyabrın 28-29-da danışıqların birinci mərhələsi həyata keçirilib.
Xatırladaq ki, oktyabrın 22-də Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçidə Suriyanın şimal-şərqində vəziyyətin nizama salınmasına dair birgə fəaliyyət haqqında Memorandum imzalayıblar. Sənəddə qeyd olunub ki, oktyabrın 23-dən Rusiya hərbi polisi və Suriyanın hökumət qoşunları bu əraziyə daxil olacaq. Kürd silahlı qruplaşmalarına isə bölgəni tərk etmək üçün 150 saat vaxt verilib. Noyabrın 1-də Türkiyə və Rusiya hərbçiləri Fərat çayının şərq sahili boyu ilk patrul xidmətini həyata keçiriblər.