ANKARADA XATİRƏ GECƏSİ
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü münasibətilə Ankarada xatirə gecəsi keçirmişdir.
Xatirə gecəsində Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyə-Azərbaycan dostluq cəmiyyətinin üzvləri, ölkənin tanınmış ədəbiyyat, incəsənət, elm xadimləri, Ankarada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşları, burada təhsil alan tələbələrimiz və ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirdilər.
Tədbir iştirakçıları vətənimizin azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.
Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev öz çıxışında 1990-cı ilin yanvar faciəsini dağılmaqda olan sovet imperiyasının son vəhşiliyi kimi qiymətləndirdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə şəhid olan övladlarımızın xatirəsinin ürəklərdə əbədi yaşayacağını vurğulayan səfir haqq işi uğrunda mübarizədə xalqımızı hər zaman dəstəkləyən qardaş Türkiyəyə dərin minnətdarlığını bildirdi.
Türkiyə parlamentinin deputatı, Türkiyə-Azərbaycan dostluq komissiyasının sədri Şamil Ayrım çıxışını böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” - sözləri ilə bitirdi.
Əhməd Yasəvi Fondunun sədri, keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək müasir Azərbaycanı nizami orduya, mütəşəkkil iqtisadiyyata malik və sürətlə inkişaf edən dövlət kimi səciyyələndirərək, bunun Türkiyədə böyük qürur hissi doğurduğunu, iki dost və qardaş ölkə arasındakı əlaqələrin əbədi, sarsılmaz olduğunu vurğuladı.
Xatirə gecəsində Türkiyə Yazıçılar və Jurnalistlər fondunun sədri Yəhya Akengin, Ankaradakı hərbi attaşemiz Baxış Ələkbərov da çıxış etdilər.
Ankarada təhsil alan azərbaycanlı tələbələr 20 Yanvar faciəsinə və şəhidlərimizin xatirəsinə həsr olunmuş şerlər oxudular.
Sonra 1990-cı il 20 Yanvar faciəsi haqqında sənədli film göstərildi. Tədbir iştirakçıları “20 Yanvar” fotosərgisi ilə də tanış oldular.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara