ELM VƏ TƏHSİL
“Apostrof-A” nəşriyyatı professor Əhəd Canəhmədovun kitabının hazırlanması və nəşrinə görə I dərəcəli diploma layiq görülüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu günlərdə Moskva şəhərində “Kitab incəsənəti” sərgisində Müstəqil Dövlətlər Birliyinin XVI Beynəlxalq müsabiqəsi keçirilib. Beynəlxalq əməkdaşlıq şurasının dövri nəşr, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində “Elm və innovasiya” nominasiyası üzrə Azərbaycan Respublikasını təmsil edən nəşriyyatlardan biri - “Apostrof-A” tanınmış alim, mexanik-filosof Əhəd Canəhmədovun “Mühəndisliyin fəlsəfəsi” kitabının hazırlanması və nəşrinə görə I dərəcəli diplomla təltif olunub.
AZƏRTAC xəbər verir ki, Əhəd Canəhmədovun elmi-kütləvi traktatı bəşəriyyət tarixində ən tutarlı səhifələrindən birinə - əvvəlki nəsillərin nailiyyətləri olan elmin və müasir elmi biliklərin inkişaf tarixinə nəzər salır. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti, SSRİ və Rusiya Federasiyası Dövlət mükafatları laureatı, akademik Boris Qusevdir.
Müəllif zamana görə səyahət edərək, oxucuları zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış etməklə onları orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır.
Alim əsərdə elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına nüfuz edərək “Kainat niyə mövcuddur?” “Keçmiş gələcəkdən nə ilə fərqlənir?” suallarına cavab axtarır. Bu traktat ruh, şüur, həyat və ölüm, həyatın mənası haqqında və bu kimi mühüm suallara cavab axtaranlar üçün və dünyamızın təkrarolunmaz quruluşunun, elm və biliklə keçilmiş yolun dərk edilməsinə marağı olan geniş əhatəli oxucular üçün nəzərdə tutulur. Traktatın məqsədi elmi kütləviləşdirməkdir.
Qeyd edək ki, Əhəd Canəhmədov bir sıra xarici ölkə akademiyalarının üzvüdür, 20-dən çox monoqrafiya, 3 elmi kəşf, bir çox ölkələrdə nəşr olunmuş 400-ə yaxın elmi məqalə və patentlərin müəllifi və həmmüəllifidir.