DÜNYA
Appendiks orqanizm üçün vacibdir
Bakı, 10 yanvar (AZƏRTAC). Bu yaxınlaradək appendiks insanda gərəksiz bir orqan hesab olunurdu. O, yalnız soyuqlayanda problemlər yaradır və sahibini əməliyyat stoluna aparıb çıxarır. Lakin Daremdəki Dyuk Universitetinin Tibb mərkəzinin alimləri iddia edirlər ki, appendiks uzun təkamül prosesində formalaşmış mühüm bioloji funksiya daşıyır. O, orqanizmin immun sistemində iştirak edir və bağırsağımızda yaşayan faydalı bakteriyalar üçün sığınacaq rolunu oynayır.
Appendiksi kəsilmiş insanlar hər hansı bir infeksiyaya yoluxanda bağırsağın mikroflorasını bərpa etmək daha çətin olur.
Bağırsaq mikroflorası bağırsaqda bioplyonka şəklində yaşayan və nəinki həzmə kömək edən, həm də immuniteti qoruyub saxlayan bakteriyalardan ibarətdir. Onlar immunoqlobulin və mutsin -“bağırsaq immunitetinin” xüsusi qlikoproteini olan anticisimləri sintez edir.
Appendiks bağırsaq bakteriyaları üçün etibarlı sığınacaqdır. Bağırsaq infeksiyaları zamanı belə sığınacağın olması vacibdir. İnsanda infeksiyaya qoruyucu cavab kimi diareya yaranır - xəstəlik yaradan bakteriyalar nəcislə birlikdə bağırsaq traktından xaric olur. Lakin bu zaman faydalı simbiotik bakteriyalar da bağırsaqdan yuyulub gedir. Xoşbəxtlikdən onların bir hissəsi appendiksdə ehtiyatda qalır və infeksiyaya qalib gəldikdən sonra təkrar bağırsağa qayıdır.
Uşaqlıqda və ya gənc ikən appendiksin kəsilməsi üzrə cərrahi əməliyyat infarkt riskini artırır.
Appendiks kor bağırsağın kiçik soxulcanabənzər çıxıntısıdır, nazik bağırsaqdan yoğun bağırsağa keçən yerdə əlavə törəmədir.