İDMAN
Aprelin 3-ü “Bakı-2015” ilk Avropa Oyunları könüllülər proqramı üçün son müraciət tarixidir
Bakı, 1 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi “Alovqoruyanlar” könüllülər proqramının iştirakçısı olmaq istəyənlər üçün son müraciət tarixinin aprelin 3-ü olduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, minlərlə gənc, eyni zamanda, yerli və xarici namizədlər bu fürsətdən istifadə edərək “Bakı-2015”də müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər.
“Bakı-2015” “Alovqoruyanlar” könüllülər proqramına rəsmi olaraq ötən il iyunun 12-də start verilib. Bu müddətdə iştirak üçün 30 mindən çox müraciət daxil olub. Hər həftə işə qəbul mərkəzində müraciət edən yüzlərlə namizədlə müsahibələr aparılır. Könüllü olmaq istəyənlərlə müsahibələr aprelin sonunadək davam etdiriləcək. Lakin namizəd olmaq istəyənlər aprelin 3-dək müraciət formalarını göndərməlidirlər.
Oyunlar ərzində “Alovqoruyanlar" əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər.
Gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib ki, Avropa Oyunlarının könüllü proqramı gənclərin “Bakı-2015”ə qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır. Bütün “Alovqoruyanlar”ımız Azərbaycanda çoxnövlü idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru və “Bakı-2015” Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev deyib: “Alovqoruyanlar” Oyunların qazanacağı uğurun mərkəzində dayanırlar. Onların iştirakı böyük əhəmiyyət kəsb edir. Çünki Avropa Oyunları kimi genişmiqyaslı bir tədbir könüllülərin dəstəyi olmadan keçirilə bilməz. “Alovqoruyanlar” rolunda könüllü kimi çalışmaq Avropa Oyunları ruhunun bir hissəsinə çevrilmək üçün yaxşı fürsətdir. Avropa Oyunları bizə azərbaycanlı gənclərin xalqın gələcəyinin formalaşmasına cəlb olunmasını göstərməyə, eyni zamanda, gənclərin bacarığını, peşəkarlığını, işgüzarlığını və bir-biri ilə dostluq əlaqələrini inkişaf etdirməyə imkan verəcək”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin işçi qüvvəsi və akkreditasiya direktoru xanım Şeron MakMaykl könüllü proqramı üçün bu günədək daxil olan müraciətlərdən məmnun qaldıqlarını vurğulayıb. Həm Azərbaycan, həm də Avropa Oyunları üçün möhtəşəm uğur hekayəsinə çevriləcək proqramın bir hissəsi olmaq istəyənləri aprelin 3-dək müraciət etməyə çağırırıq. Könüllülərin icra edəcəkləri əksər rollar üçün təcrübənin olmasına ehtiyac yoxdur. Biz mehriban, səmimi, idmana həvəsi olan və Avropa Oyunlarının uğurlu keçməsini istəyən şəxslərin axtarışındayıq”.
Avropa Oyunları kimi çoxnövlü idman yarışlarında çalışacaq “Alovqoruyanlar” təlimlərdə iştirak etmək, “Bakı-2015” uniformalarını ödənişsiz əldə etmək, obyektlərə ictimai nəqliyyatla ödənişsiz getmək, qida və Oyunların könüllü proqramının rəsmi tərəfdaşı olan “Nar Mobile” şirkəti tərəfindən nömrələrlə təmin edilmək kimi fürsətlərdən yararlanacaqlar.
Avropanın ilk dəfə keçiriləcək ən böyük idman yarışında çalışacaq bütün könüllülər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://az.baku2015.com/join-us/article/muraciət-qaydalari-26214.html.