AQRAR-KREDİT FONDUNUN PROBLEMLƏRİ HƏLL EDİLİR
Ölkənin kənd təsərrüfatının maliyyələşdirilməsi ən vacib problemlərdən biridir. Əlverişli təbii şəraitə baxmayaraq, kredit ehtiyatlarının lazımi həcmdə olmaması və kreditlərin bahalığı iqtisadiyyatın bu mühüm sahəsinin inkişafını ləngidir. 2000-ci ilin noyabrında yaradılmış Aqrar-Kredit Fondunun Müşahidəçilər Şurasının bu günlərdə keçirilən iclasında TASİS-in “AKF-nin gələcək inkişafı” layihəsinin reallaşdırılmasının gedişi, ölkəmizdə kənd təsərrüfatının maliyyələşdirilməsinə yardım göstərən və kənddə özəl sektoru dəstəkləyən bu kredit təşkilatının özəlləşdirilməsi yolları müzakirə edilmişdir.
“AKF-nın gələcək inkişafı” layihəsi ötən ilin mayından həyata keçirilməyə başlanmışdır və Avropa Birliyi buna 1 milyon avro ayırmışdır. Bu proqram çərçivəsində Ağstafa, Quba, Ağcabədi və Neftçala rayonlarında Aqrar-Kredit Fondunun nümayəndəlikləri yaradılmışdır. Onun kreditləri illik 16-18 faizlə 3 milyon manatdan 40 milyon manatadək məbləğdə verilir, ödəniş müddəti isə 12-30 aydır. Layihədə AKF vəsaitlərinin səmərəli idarə edilməsi ilə yanaşı, bundan əvvəl verilmiş, lakin möhləti ötmüş kreditlərin ödənilməsi də nəzərdə tutulur.
Fondun nizamnamə kapitalı 5 milyon dollardır, təsisçisi isə Azərbaycan Maliyyə Nazirliyidir. Fondun Müşahidəçilər Şurasına ölkə hökumətindən iki, Avropa Birliyindən üç nümayəndə daxildir. Fond aqrar sektorun bütün sahələrini kreditləşdirir.
Müşahidəçilər Şurasının iclasında “AKF-nin gələcək inkişafı” layihəsinin yeni rəhbəri də təqdim olundu.