REGİONLAR
Aqrar Universitetdə professor Hacı Hacıyevin 100 illik yubileyi ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib
Ağstafa, 6 aprel, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil müəssisəsinin məzunu, baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunan “Baytarlıq elminin inkişafında innovativ texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində alimin adına yaradılan xüsusi auditoriyanın açılışını edib, çalışdığı fakültənin təhsil şəraiti ilə tanış olublar.
Sonra inzibati binanın iclas zalında konfrans başlayıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfransı açaraq, görkəmli alimin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, professor Hacı Hacıyev görkəmli alim olmaqla yanaşı, həm də təcrübəli, idarəetmə qabiliyyətinə malik bir şəxsiyyət idi. O, 1962-ci ildə yoluxmayan daxili xəstəliklər və klinik diaqnostika kafedrasına müdir təyin olunub. Burada 16 il çalışan professor 1978-ci ildən daha çətin və məsuliyyətli vəzifəyə - institutun elmi işlər üzrə prorektoru vəzifəsinə irəli çəkilib, 1984-cü ilədək bu vəzifəni layiqincə yerinə yetirib, ömrünün sonunadək həmin kafedraya rəhbərlik edib.
Konfrans iştirakçılarına Hacı Hacıyevin elmi fəaliyyətinə həsr edilən videoçarx təqdim olunub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, ADAU-nun məzunu Eldar İbrahimov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, ADAU-nun məzunu Arif Rəhimzadə, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Baytarlıq ixtisasının 4-cü kurs tələbəsi Asəf Mirzəyev, Əczaçılıq və BSE kafedrasının müəllimi Şəfiqə Cəfərova professor Hacı Hacıyevin elmi fəaliyyətindən, idarəetmə bacarığından, insani keyfiyyətlərindən ətraflı danışıblar.
Bildirilib ki, professor Hacı Hacıyevin elmi yaradıcılığı bir xəzinə kimi yaddaşlarda qalıb. O, “Kənd təsərrüfatı heyvanlarının klinik müayinə sxemi”, “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəliklərinin diaqnostikası”, “İribuynuzlu heyvanların həzm üzvlərinin yoluxmayan daxili xəstəlikləri”, “Naftalan baytarlıqda”, “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, “ümumi terapiyanın əsasları və profilaktikası”, “Baytarlıqda ümumi terapevtik texnika”, “Qanın, sidiyin və mədə möhtəviyyatının nümunəsi”, “Klinik diaqnostikadan praktikum” və sair fundamental dərslik və dərs vəsaitlərinin müəllifidir.
Professorun 200-ə yaxın elmi əsəri, məqalələri müxtəlif mətbuat səhifələrində dərc edilib. Onun dərslik və dərs vəsaitlərindən tələbələr bu gün də istifadə edir və bəhrələnirlər.
Professor Hacı Hacıyevin böyük və şərəfli fəaliyyəti həmişə yüksək qiymətləndirilərək mükafatlandırılıb. O, “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, bir çox medal və fəxri fərmanlarla təltif edilib, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin dəfələrlə iştirakçısı olub, qızıl və gümüş medallara, diplomlara layiq görülüb.
Kənd təsərrüfatı texnikası kafedrasının dosenti, ADAU-nun professoru, Əməkdar kənd təsərrüfatı işçisi Akif Axundov və Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov alimlə bağlı xatirələrini söyləyiblər.
Elmi-nəzəri konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncədən seçilən deputatlar Pərvin Kərimzadə, Musa Quliyev və Xanlar Fətiyev iştirak edib.
Sonda Hacı Hacıyevin oğlu, AMEA-nın həqiqi üzvü, professor Asəf Hacıyev konfransın keçirilməsində zəhməti olan hər kəsə, eləcə də atasının xatirəsini əziz tutan professor-müəllim heyətinə minnətdarlığını bildirib.