REGİONLAR
Aqrar Universitetdə şahmat yarışı keçirilir
Gəncə, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat, Aqrobiznes və idarə etmə fakültələrində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar şahmat yarışı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə yarış iştirakçılarına Dövlət Müstəqilliyi Gününün tarixi barədə məlumat verilib.
Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov bildirib ki, əvəzsiz milli sərvətimiz olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb bir vəzifədir. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası həyata keçirib. Azərbaycan indi müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu illərdə Azərbaycan Respublikası dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerini tutub və hazırda tarixin ağır sınaqlarından çıxan respublikamız özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir.
Sonra şahmat yarışına start verilib.