REGİONLAR
Aqrar Universitetin alimləri ilə fermerlərin əməkdaşlığı genişlənir
Gəncə, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində professorlarla sahibkarlar arasında “Fermerlərin mövcud problemləri və onun həllində alimlərin rolu” adlı görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 15-dən çox sahibkarın iştirak etdiyi tədbirdə universitetin alimləri ilə torpaq mülkiyyətçiləri və fermerlər arasında gələcəkdə qurula biləcək qarşılıqlı faydalı əməkdaşlığın istiqamətləri müzakirə edilib.
Görüşdə çıxış edən universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib ki, bu gün kənd təsərrüfatının inkişafı dövlətin hədəf götürdüyü əsas məsələdir və bu istqamətdə alimlərin də üzərinə mühüm vəzifələr düşür. Təşkil edilən bu cür görüşlərdə əsas məqsəd fermerlərin problemlərini dinləmək və mövcud kadr çatışmazlığında onlara yardımçı olmaqdır.
Artıq xaricdən gələn kadrları yerli kadrlarla əvəz etməyin vaxtının çatdığını deyən rektor bildirib ki, bunun üçün dövlət tərəfindən Aqrar Universitetdə hər cür şərait yaradılıb və bilikli mütəxəssislər hazırlanır.
Həmçinin son illər universitetdə yaradılan müasir infrastruktur, zəngin maddi-texniki baza, laboratoriyalar, tədrisin keyfiyyətinin yüksəldilməsi, təcrübə saatlarının artırılması və sahələrdə keçirilməsi də universitetdə hazırlanan kadrların bilik və bacarığına təsir göstərən əsas amillərdəndir.
Görüş zamanı Gəncə, Şəmkir, Samux və digər rayonlardan olan fermerlər kadr tələbi ilə bağlı fikirlərini səsləndiriblər.
Tədbirdə universitetin alimi torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri Arif Hüseynov tərəfindən sahibkarlara torpaq analizlərinin düzgün aparılmasının vacibliyi, eləcə də torpağın strukturundan və kimyəvi tərkibindən asılı olaraq sahədə hansı məhsulun əkilməsinin əhəmiyyəti izah edilib.