REGİONLAR
Aqrar Universitetin təcrübə təsərrüfatında innovativ əkin üsulları sınaqdan keçirilir
Gəncə, 21 mart, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris təcrübə təsərrüfatında bir hektar sahədə Tərəvəzçilik Elmi-Tədqiqat Institutunun Şəmkir dayaq məntəqəsindən alınan “Telman” kartof toxumu sortu əkilib və müxtəlif variantlar üzrə becərmə texnologiyasının öyrənilməsi qarşıya məqsəd qoyulub.
ADAU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə alınan 3 ton kartof toxumu universitetin kartof səpən texnikası ilə səpilib. Məqsəd təsərrüfatda ilk dəfə olaraq sortun yerli şəraitə uyğunluğu, üzvi və mineral gübrələrə ehtiyacının müəyyənləşdirilməsi, vegetasiya müddətində müxtəlif xəstəliklərə qarşı inteqrir mübarizə tədbirləri tətbiq edilməklə sağlam əkin materialının əldə olunmasıdır. Bunun üçün Bağçılıq kafedrasının əməkdaşları tərəfindən texnoloji proseslərin ardıcıllıqla yerinə yetirilməsi üçün tədbirlər planı hazırlanıb. Məhsulun yığılmasına qədər proseslər, aqrotexniki qulluq nəzarətdə olacaq.
Bir hektar ərazidə isə Calaqaltı sort kombinasiyasından asılı olaraq meyvə bitkiləri müxtəlif əkin sxemlərində əkilib. Burada isə məqsəd ekstensiv bağ sistemindən intensiv bağ sisteminə keçilməsi üçün əyani şəkildə həyata keçiriləcək tədbirlərin üstünlüklərini nümayiş etdirmək və fermer təsərrüfatlarına səmərəli təkliflər verməkdən ibarətdir.