DÜNYA
Aqunq vulkanı oyanır: ətraf ərazilərdə yaşayan 75 min insan evini tərk edib
Bakı, 26 sentyabr, AZƏRTAC
İndoneziyanın Bali adasında Aqunq vulkanının aktivliyinin artması səbəbindən 75 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Vulkan istənilən an püskürə bilər.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 24-də İndoneziyanın milli vulkanik aktivliyi tədqiqatı mərkəzi “vulkanın seysmik aktivliyinin artdığını və püskürmənin baş verə biləcəyini” bildirib.
Vulkanın aktivliyinin artması hələ avqust ayının sonlarında qeydə alınmışdı. Sentyabrın 14-də hökumət təhlükə səviyyəsini 4 ballıq cədvəl üzrə 2-ci bala yüksəltmişdi. Sentyabrın 22-də isə vulkana yaxın ərazilərdə təhlükəsizlik səviyyəsi maksimuma qaldırılıb.
Aqunq vulkanı sonuncu dəfə 1963-cü ildə püskürmüşdü və təbii fəlakət nəticəsində 1100 nəfər həlak olmuşdu.