DÜNYA
Aramsız yağan qar Fransanın şimal-qərb departamentlərini iflic vəziyyətə salmışdır
Paris, 13 mart (AZƏRTAC). Martın 10-dan aramsız yağmağa başlayan qar və sərt şaxta Fransanın şimal-qərb departamentlərini iflic vəziyyətə salmışdır. Ölkənin şimal hissəsində yağan qarın qalınlığı 30-40 santimetrə çatmışdır. Güclü qar çox yerdə nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərmişdir. Martın 11-dən etibarən 2.800 avtomaşın yollarda ilişib qalmış, Paris-Lil magistral şose yolunda 56 kilometrlik tıxac yaranmışdır. Parisdən Brüsselə, Kölnə və Amsterdama gedən qatarların hərəkəti dayandırılmışdır. Yerli xətlərdə adi və sürət qatarlarının hərəkət cədvəli pozulmuş, Kan-Şerburq və Ruan-Le Avr istiqamətlərində qatarların hərəkəti qadağan edilmişdir.
Normadan artıq yağan qar təyyarələrin hərəkətində də ciddi problemlər yaratmışdır. Yerli Şerburq, Dovil, Lannion, Le Avr, Ruan, Kan, Dinar və Sen-Briok hava limanları bağlanmışdır. Parisin Orly hava limanının buz bağlamış enmə zolağına enən Tunis Hava Yollarına məxsus təyyarə yoldan çıxmışdır. Xoşbəxtlikdən təyyaərdəki 140 sərnişindən heç biri xəsarət almamışdır. Yaranmış ağır vəziyyət nəticəsində minlərlə sərnişin dəmiryol vağzallarında və hava limanlarında ilişib qalmışdır.
Brötan və Kalvados regionlarında 80 mindən artıq mənzil elektrik enerjisindən məhrum olmuşdur. Beş nəfər donvurmadan dünyasını dəyişmişdir.
Qar ölkənin paytaxtında da nəqliyyatın hərəkətini tamamilə pozmuşdur. Bir çox istiqamətdə marşrut avtobuslarının və tramvayların hərəkəti pozulmuşdur. Paris sakinləri son 20 ildə mart ayında paytaxta bu qədər qar yağdığını müşahidə etmədiklərini bildirmişlər.
Fransanın Baş naziri Jan-Mark Erol vəziyyətin daha ağır olduğu yerlərə baş çəkmiş və müvafiq göstərişlər vermişdir.
Ölkənin hava məlumat bürosu qarlı və şaxtalı havanın bir neçə gün davam edəcəyi barədə əhalini xəbərdar etmiş və xüsusi avtomobil sahiblərinə öz maşınlarından istifadə etməməyi məsləhət görmüşdür.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris