ELM VƏ TƏHSİL
Araz Paşayev: 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil krediti üçün müraciət edə bilərlər
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil krediti üçün müraciət edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı müzakirələrdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev deyib. O bildirib ki, bu orta ixtisas təhsili müəssisəsinin 35-i Təhsil Nazirliyinin, 2-i Naxçıvan MR Təhsil Nazirliyinin, 14-ü digər dövlət qurumlarının tabeliyindədir, 4 orta ixtisas təhsili müəssisəsi isə özəldir.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmini, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.