İQTİSADİYYAT
ARDNŞ-də işə qəbul prosedurlarının daha da təkmilləşdirilməsi üçün şəffaflıq və obyektivlik prinsipləri əsas götürülür
Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentində qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı ilə müşavirə keçirilmişdir.
AZƏRTAC-xəbər verir ki, müşavirədə müxtəlif ictimai birliklərin, assosiasiyaların, fondların, şirkətlərin, konfederasiyaların, mərkəzlərin və digər qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Müşavirədə çıxış edən ARDNŞ-in insan resursları departamentinin rəisi Asif Bəkirli qurumun yaranması, fəaliyyəti və verdiyi töhfələr barədə danışmışdır. Vurğulamışdır ki, ARDNŞ işə qəbul prosedurlarını təkmilləşdirərək daha şəffaf prinsiplərə söykənmiş və obyektivliyi əsas götürmüşdür. İmtahanların keçirilməsi və testləşdirmə prosesi beynəlxalq təcrübə və standartlara uyğunlaşdırılmış, işçilərlə əlaqələr yüksək səviyyədə saxlanılmışdır.
Bildirmişdir ki, ARDNŞ-də fəaliyyət göstərən hər bir əməkdaş öz seçimi ilə təhsilinə, biliyinə, iş təcrübəsinə, bacarıq və səriştəsinə uyğun olaraq karyera inkişafını təmin edə biləcəkdir. Xarici və daxili təqaüd proqramları həyata keçirilərək potensial kadrların formalaşmasına əsas vermişdir.
Daha sonra departamentin fəaliyyətini və strukturda olan dörd şöbənin işini əks etdirən təqdimat keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Fuad Mayılov maddi sərvətlərin insan kapitalına, intellekt məhsuluna çevrilməsinin vacib bir ictimai məqsəd olmasından bəhs etmişdir.
Daha sonra QHT-lərin nümayəndələri çıxış edərək peşəkar kadrların seçilməsində ədalətlilik və obyektivlik prinsiplərinin mövcud olmasının Azərbaycan dövlətinin maraqlarını və onun gələcəyini təmin etdiyini bildirmişlər. Qeyd olunmuşdur ki, bu nümunəvi tədbir dövlət qurumları və vətəndaş cəmiyyəti arasındakı münasibətlərin möhkəmlənməsinə müsbət təsir göstərir.
Müşavirə iştirakçıları belə tədbirlərin vaxtaşırı keçirilməsini məqsədəuyğun hesab etdiklərini bildirmiş, bu kimi işlərdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsinə göstərdiyi təşəbbüsə görə ARDNŞ-in rəhbərliyinə təşəkkür etmişlər.
Görüşün sonunda iştirakçıların mövzu ilə bağlı sualları ətraflı cavablandırılmışdır.