İQTİSADİYYAT
ARDNŞ-də kadrların seçilməsi prosesi uğurla davam edir
Bakı, 16 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamenti tərəfindən hər gün şirkətin müxtəlif idarə və müəssisələri üçün işə qəbul üzrə imtahan və peşə sınaqları keçirilir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 15-də ARDNŞ-in Təhlükəsizlik İdarəsinin mexanik, texnik, dispetçer və tərəziçi, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin hesablama maşınlarının təmiri və xidməti üzrə elektromexanik, Kompleks Qazma İşləri Trestinin kadrlar üzrə mütəxəssisi və Heydər Əliyev adına Bakı neft emalı zavodunun əmtəə operatoru ixtisasları üzrə elan olunmuş boş iş yerləri üçün müsabiqənin test imtahanı mərhələsi keçirilmişdir.
Boş iş yerləri üzrə müsabiqədə iştirak etmək üçün vətəndaşlar ARDNŞ-in www.socar.az veb-səhifəsinin karyera bölməsi vasitəsilə elektron müraciət formasını doldurmuşlar. Sənədlərin ilkin seçimi aparıldıqdan sonra qeyd olunan boş iş yerləri üzrə müraciət etmiş 347 nəfərdən 131-i növbəti mərhələdə test imtahanlarında iştirak etmək hüququ qazanmışdır. Testlərə 30 sual daxil edilmişdir. Suallardan 25-i namizədlərin məntiqi bilik səviyyəsinin yoxlanılmasına, 5-i isə Azərbaycan barədə və ARDNŞ-in fəaliyyət sahəsinə dair ümumi biliklərin müəyyən edilməsinə aid olmuşdur. İmtahandan əvvəl namizədlərə nəzarətçilər tərəfindən imtahanın müddəti və nizam-intizam qaydaları haqqında giriş təlimatı verilmişdir.
İndiyədək şirkətdə tətbiq edilən yeni işə qəbul proqramı çərçivəsində həyata keçirilən müsabiqələrdə iştirak edənlərin ümumi sayı 9810 nəfərdir. Bunlardan 1107 nəfəri test imtahanı mərhələsində iştirak etmiş, 311 nəfər isə ümumilikdə müsabiqədə yüksək nəticələr göstərərək ixtisas və peşələrinə uyğun olaraq ARDNŞ-in müəssisə və təşkilatlarında işlə təmin olunmuşlar.
ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” bölümünün (careers.socar.az) “İş axtarışı” panelinə daxil olmalı, bilik və bacarığına uyğun boş iş yerini seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar. Müraciət edən namizədlər boş iş yerinin tələblərinə cavab verdikdə test imtahanı və ya peşə sınaq imtahanlarına dəvət olunurlar.