İQTİSADİYYAT
ARDNŞ ilə “Qatar Petroleum İnternational” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur
Bakı, 1 mart (AZƏRTAC). Martın 1-də ARDNŞ-in baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev “Qatar Petroleum İnternational” şirkətinin baş icraçı direktoru Nasser Əl-Cəidanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə R.Abdullayev Azərbaycan və Qətər dövləti arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmiş, bu dost ölkənin dünya neft-qaz bazarında özünəməxsus yer tutduğunu qeyd etmişdir.
“Qatar Petroleum İnternational” şirkətinin baş icraçı direktoru Nasser Əl-Cəida Azərbaycanın Qətərə dost və qardaş ölkə olduğunu və son illər bütün dünyada iqtisadi inkişaf sürətinə görə əhəmiyyətli nəticələr əldə etdiyini söyləmişdir.
ARDNŞ-in prezidenti qonaqlara Azərbaycanda davamlı iqtisadi inkişaf prosesləri haqqında danışmış, qazanılan nailiyyətlərdə neft-qaz sənayesinin mühüm rol oynadığını nəzərə çarpdırmışdır. Sonra Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi, ”Əsrin müqaviləsi” çərçivəsində icra olunan layihələr, yeni yataqların kəşf olunması, hasil olunan neftin və qazın qısa müddətdə dünya bazarlarına çıxarılmasına imkan verən şaxələndirilmiş neft və qaz kəmərləri sisteminin yaradılması, ARDNŞ-in inkişaf yolu, infrastruktur potensialının genişləndirilməsi və yeniləşdirilməsi, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri və inkişaf perspektivləri haqqında təqdimat keçirilmiş, şirkətin əldə etdiyi uğurlar slaydlar vasitəsilə qonaqlara təqdim olunmuşdur.
Nasser Əl-Cəida Azərbaycanın uğurlu enerji siyasəti yeritdiyini, dünya miqyasında etibarlı tərəfdaş kimi böyük nüfuz qazandığını qeyd etmiş, ARDNŞ-in fəaliyyətini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, ARDNŞ və “Qatar Petroleum” dövlət şirkətləri olaraq Azərbaycan və Qətərin iqtisadi inkişafında, eyni zamanda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar. Daha sonra qonaq Qətərin təbii qaz hasilatı, eləcə də maye qaz istehsalı üzrə dünyanın ən böyük mərkəzlərindən biri olduğunu söyləmiş, təmsil etdiyi şirkət haqqında məlumat vermişdir.
Görüşdə ARDNŞ ilə “Qatar Petroleum” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunmuş, əməkdaşlıq perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.