ELM VƏ TƏHSİL
ARDNŞ-in insan resursları departamentinin əməkdaşları Azərbaycan Dövlət Dəniz Akademiyasında olmuşlar
Bakı, 12 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları şirkət tərəfindən gənclər üçün təsis edilmiş layihələrin təbliği, eyni zamanda, tələbələrin karyera yüksəlişlərinə təkan vermək məqsədi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) tələbələrlə görüş keçirmişlər.
AZƏRTAC-xəbər verir ki, təqdimatdan əvvəl ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru Əsədullah Süleymanov görüşün mahiyyəti barədə tələbələrə qısa məlumat vermişdir. Prorektor, həmçinin universitetin əldə etdiyi uğurlardan, yeni layihələrdən də söz açmışdır.
Sonra təlim və inkişaf şöbəsinin əməkdaşları şirkətin xarici təqaüd proqramı, daxili təqaüd proqramı, ödənişli yay təcrübəsi, yay məktəbi layihələri barədə ətraflı məlumat vermiş, gəncləri bu layihələrdə fəal olmağa çağırmışlar.
Sonda departamentin əməkdaşları tələbələri maraqlandıran suallara ətraflı cavab vermişlər.