İQTİSADİYYAT
ARDNŞ-in işçiləri tullantıların idarə olunması ilə bağlı maarifləndirilirlər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Tullantıların idarə olunması planı”nın icrası ilə əlaqədar şirkətin idarə və müəssisələrinin istehsalat sahələrində çalışan işçilərinin maarifləndirilməsi məqsədi ilə tullantıların idarə olunması mövzusunda təqdimat və aksiyalar davam etdirilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən dövrdə ekologiya idarəsinin ekoloji ölçmə və tullantıların idarə olunması departamentinin mütəxəssisləri tərəfindən “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına neft və qazçıxarma idarəsinin, dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinin və qaz anbarları istismarı idarəsinin əməkdaşları üçün tullantıların idarə olunması üzrə təqdimatlar keçirilib.
Maarifləndirici tədbirlər Bazel Konvensiyasının müddəalarına uyğun olaraq tullantıların risk dərəcəsinə görə təsnifatı, təhlükəlilik dərəcəsi, tullantıların daşınmasına nəzarət, müvəqqəti saxlanması qaydaları və digər mövzuları əhatə edib. İşçilərə istehsalat sahələrində formalaşan tullantıların emalı, zərərsizləşdirilməsi və utilizə edilməsi üçün dünyada tətbiq olunan texnologiyalar, qurğu və avadanlıqlar barədə məlumatlar verilib.
Təqdimatlarda müasir dövrdə enerji və xammal mənbələri hesab edildiyindən tullantıların növlər üzrə çeşidlənməsi və təkrar emalı sahəsində ARDNŞ-də, eləcə də respublikamızın digər idarə və şirkətlərində aparılan işlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.