İQTİSADİYYAT
ARDNŞ-İN MALİYYƏ VƏSAİTİ HESABINA LÖKBATAN QƏSƏBƏSİNDƏ İNŞA EDİLƏN İLK 20 MƏNZİLLİ BİNA SAKİNLƏRİN İSTİFADƏSİNƏ VERİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyevin 2006-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində ARDNŞ-in qarşısında duran vəzifələrdən biri də Şirkətin maliyyə vəsaiti hesabına Qaradağ rayonu Lökbatan qəsəbəsində qəza vəziyyətində olan yaşayış binalarından 120 ailənin köçürülməsi üçün yeni evlərin tikilməsidir.
Həmin məqsədlə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin sifarişi əsasında inşasına ötən ilin mayından başlanan 20 mənzilli beşmərtəbəli ilk bina bu günlərdə sakinlərin istifadəsinə verilmişdir. 3 və 4 otaqlı mənzillərdən ibarət olan daş konstruksiyalı bina yüksək səviyyədə inşa olunmuşdur. Yeni bina fasiləsiz olaraq işıq və qaz ilə, qışda isə xüsusi tikilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaqdır. Sakinlərin istirahəti və ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə binanın qarşısında aparılmış abadlıq və yaşıllaşdırma işləri hər kəsə xoş ovqat bəxş edir. Hazırda yaşadıqları binaların qəzalı olması səbəbindən daha 100 ailə yaxın iki il ərzində müasir standartlara cavab verən yeni evlərlə təmin olunacaqlar. Ümumiyyətlə, Lökbatan qəsəbəsindəki 21 saylı mənzil istismar sahəsinin ərazisində 18 qəzalı bina vardır. 1934-1935-ci illərdə neftçi ailələri üçün tikilmiş, hər biri 2 mərtəbə və 12 mənzildən ibarət qamış konstruksiyalı bu binalar bərbad vəziyyətdədir və yaşayış üçün tam yararsız hesab olunur.