İQTİSADİYYAT
ARDNŞ-in nümayəndə heyəti Dünya Neft Konqresində iştirak etmişdir
Bakı, 15 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndə heyəti Dohada keçirilmiş XX Dünya neft konqresində iştirak etmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konqres çərçivəsində neft-qaz sənayesindəki yenilikləri əks etdirən sərgi təşkil edilmişdir. Üç ildən bir keçirilən konqresə Dünya Neft Şurasına üzv olan 65-dən artıq ölkənin 5 mindən çox nümayəndəsi qatılmışdır. Sərgidə 400-dən artıq şirkətin eksponatları nümayiş etdirilmişdir. Dünya neft-qaz sənayesinin inkişafı baxımından mühüm hadisə hesab olunan XX konqresdə ARDNŞ-in də nümayəndə heyəti uğurla iştirak etmişdir. Eyni zamanda, şirkət dünyanın ən tanınmış neft-qaz qurumlarının öz uğurlarını əks etdirdikləri sərgidə xüsusi stendlə təmsil olunmuşdur.
Açılış mərasimində Dünya Neft Şurasının sədri Rendi Qossen, Qətər Dövlətinin əmiri, şeyx Həməd bin Xəlifə Al-Tani, ölkənin enerji və sənaye naziri Məhəmməd bin Saleh Əl-Səda və digər rəsmi şəxslər iştirak etmişlər.
ARDNŞ-in pavilyonunu ziyarət edən sərgi iştirakçıları və qonaqlar şirkətin son illər qazandığı nailiyyətləri əks etdirən ekspozisiyalarla tanış olmuşlar. Sərgi iştirakçıları ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmiş, bu istiqamətdə təkliflər vermişlər.
Nümayəndə heyətinin üzvləri ARDNŞ-in fəaliyyəti, imkanları və əldə etdiyi nailiyyətlərlə bağlı sualları ətraflı cavablandırmışlar.