İQTİSADİYYAT
ARDNŞ-in prezidenti: Regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır
Bakı, 9 iyun (AZƏRTAC). 1999-cu ildə kəşf olunmuş və xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Yatağın ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iyunun 8-də Bakıda keçirilən XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransındakı çıxışında bildirmişdir.
Onun sözlərinə görə, “Şahdəniz” layihəsinin birinci mərhələsi çərçivəsində 12 hasilat quyusunun qazılması üçün nəzərdə tutulmuş TPG qazma və hasilat platforması tikilib istifadəyə verilmiş, dənizdən sahilədək 100 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilmişdir. Yataqda hasilat 2006-cı ildən bəri davam edir. Hazırda burada orta gündəlik hasilat təxminən 23 milyon kubmetr qaz və 5 min ton kondensat həcmindədir.
Yeni yataqların kəşfinin və perspektiv quyuların mövcudluğunu qeyd edən ARDNŞ-in prezidenti demişdir ki, bu ehtiyatları nəzərə alsaq, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropa və digər ölkələrin artan qaz tələbatının təminatına yönəltməyə, bu məqsədlə müxtəlif nəqliyyat seçimlərinin şaxələndirilməsinə tərəfdardır. İstehsalçı ilə son istehlakçılar arasında birbaşa əlaqənin yaradılması, tranzit azadlığı, habelə təbii qazın nəqli zamanı şəffaf xərclərə əsaslanan sabit tranzit rejimlərindən istifadə olunması, diskriminasiyaya yol verilməməsi bu baxımdan beynəlxalq hüquqa əsaslanan başlıca prinsiplərdir. Biz istər istehsalçı, istərsə də tranzit ölkə kimi bu prinsiplərə sadiqik və qarşı tərəflərdən də bunu gözləyirik.