İQTİSADİYYAT
ARDNŞ-in təqaüd proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərlə müsahibə keçirilmişdir
Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 10-da ARDNŞ-in xaricdə mütəxəssislərin hazırlanması üzrə təqaüd proqramı müsabiqə komissiyasının növbəti iclası olmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda xarici universitetlərə qəbul olunmuş və şirkətin təqaüd proqramında iştirak etmək üçün müraciət etmiş gənclərlə müsahibə keçirilmişdir. İclasda ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirmişdir ki, komissiyanın iyulun 26-da keçirilmiş iclasında xaricdə təhsil almaq üçün müraciət edən 34 nəfərdən artıq 28-nə müsbət cavab verilmişdir. Bu dəfə isə komissiyaya xaricdə təhsil almaq üçün 43 iddiaçı tələbə müraciət etmişdir. Xarici universitetlərə qəbul olunmuş tələbələrdən 12-si bakalavr, 31 nəfəri isə magistr pilləsi üzrə təhsil almaq məqsədi ilə ARDNŞ-in təqaüd proqramına müraciət etmişdir. Onlardan 15-i iqtisadiyyat ixtisasları, 6-sı mühəndislik, 6-sı hüquq, 9-u avtomatika və İKT, 6 nəfəri insan resurslarının idarəedilməsi ixtisasları üzrə təhsillərini dünyanın yüksək reytinqli ali təhsil ocaqlarında davam etdirmək niyyətindədir.
Komissiya üzvlərinin suallarını cavablandıran tələbələr seçdikləri ixtisas və ali təhsil ocaqları barədə müsabiqə komissiyasının üzvlərinə ətraflı məlumat vermişlər. Bütün iddiaçılar dinlənildikdən sonra komissiyanın yekun qərarı elan ediləcəkdir. İclasda, həmçinin təqaüd proqramı çərçivəsində ABŞ-ın Oreqon Universitetində “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almış ARDNŞ təqaüdçüsü Fərid Abbasov təqdimatla çıxış etmişdir. O, təhsil müddətində qazandığı bilik və təcrübə haqqında danışmış, diplom işi haqqında komissiya üzvlərinə ətraflı məlumat vermişdir.