İQTİSADİYYAT
ARDNŞ-in Təqaüd Proqramının 12 nəfər iştirakçısı təhsilini başa vuraraq Vətənə dönmüşdür
Bakı, 2 noyabr (AZƏRTAC). ARDNŞ-in təqaüd proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil almış məzunların şirkətin top-menecmenti ilə hesabat xarakterli görüşləri artıq ənənə halını almışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 2-də qurumun xaricdə mütəxəssislərin hazırlanması üzrə təqaüd proqramının müsabiqə komissiyasının növbəti iclasında şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almış daha 12 nəfər gənc məzununun hesabatı dinlənilmişdir. Məzunlardan 9-u iqtisadiyyat, 1-i neft mühəndisliyi, 1-i avtomatika və informasiya kommunikasiya texnologiyaları, 1 nəfər isə hüquq ixtisası üzrə təhsilini başa vurmuşdur.
Komissiya üzvlərinin suallarını cavablandıran məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. İclasda hesabatları ilə xüsusi fərqlənmiş bir qrup məzun oradaca seçilmiş və ARDNŞ-in müxtəlif struktur bölmələrinə dərhal təyinat almışdır. Qeyd olunmuşdur ki, qalan məzunların da müvafiq işlə təmin edilməsi məsələsinə yaxın günlərdə baxılacaqdır. Daha sonra Teymur Əliyevin Aberdin Universitetində neft və qaz hüququ üzrə magistr təhsili alması haqqında müraciəti müzakirə edilmişdir. Komissiya üzvləri onun təqaüd proqramına daxil edilməsinə qərar vermişlər.
Xatırladaq ki, bu günədək ARDNŞ-in təqaüd proqramında 167 nəfər iştirak etmişdir. Hazırda onlardan 42 nəfər bakalavr, 52 nəfər magistr pilləsi üzrə, 2 nəfər isə ixtisas təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. İndiyədək 71 nəfər (bakalavr pilləsi üzrə 6, magistr pilləsi üzrə isə 65 məzun) təhsilini başa vuraraq Vətənə qayıtmış və ARDNŞ-in idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar.