İQTİSADİYYAT
ARDNŞ-in Təqaüd Proqramının 5 iştirakçısı xaricdə təhsilini başa vuraraq Vətənə dönmüşdür
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramının müsabiqə komissiyasının növbəti iclasında şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almış daha 5 gənc məzunun (3 magistr, 2 bakalavr) hesabatı dinlənilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, geri qayıtmış gənclər mühəndislik, iqtisadiyyat, avtomatika və İKT, hüquq ixtisas qrupları üzrə təhsil almışlar. Komissiya üzvlərinin suallarını cavablandıran məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, məzunlar ARDNŞ-in müxtəlif struktur bölmələrinə təyinat alacaqlar.
Daha sonra Toronto Universitetində kompyuter mühəndisliyi ixtisası üzrə təhsil alan Əhəd Süleymanlının ARDNŞ-in təqaüdçüsü seçilməsi məsələsi müzakirəyə çıxarılmışdır. Komissiya üzvləri ARDNŞ-in təqaüdçüsü olan 4 tələbənin cari problemlərini də müzakirə etmişlər.
Bu günədək ARDNŞ-in Təqaüd Proqramına 170 nəfər cəlb olunmuşdur. Hazırda onlardan 96 nəfər təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. 74 nəfər isə təhsilini başa vuraraq geri qayıtmış və ARDNŞ-in idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur.