İQTİSADİYYAT
ARDNŞ nanotexnologiya sahəsində liderdir
Bakı, 17 iyun (AZƏRTAC). Dünya qazma praktikasında ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) alim və mütəxəssisləri tərəfindən “NanoNeft”, “NanoBitum”, “NanoYağ”, “NanoQudron” və stasionar özüllərdə dizel mühərriklərinin işlənmiş yağları əsasında “NanoMAY” sistemləri yaradılmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu sistemlər Bakı və Abşeron arxipelaqlarında yerləşən “Qum adası”, “Günəşli”, “Bibiheybət”, “Balaxanı”, “Neft daşları”, “Pirallahı” yataqlarında 20-yə qədər neft və qaz quyusunun qəza və mürəkkəbləşmələrsiz qazılmasında tətbiq edilmiş, iqtisadiyyatda multiplikator effekti alınmışdır. Hazırda nanotexnologiyalar əsasında qazma işləri uğurla davam etdirilir.
Kiçik konsentrasiyalar nəzəriyyəsi əsasında işlənilmiş nanosistemlər anomal şəraitlərdə quyuların qazılması prosesində dövran edən qazma məhlullarının hidravlik itkilərinin, sürtünmə qüvvələrinin, enerji məsrəflərinin və kimyəvi reagentlərin, preparatların sərfinin 15-25 faiz azalmasını təmin etmişdir. Nanosistemlər respublikamızın patent sənədləri, texniki şərtləri statusunu almış, elmi-praktiki dəyərləri UNESCO-EOLSS 6.152 “Nanoelm və nanotexnologiyalar” ensiklopediyasında dərc olunmuşdur.
Qazma sahəsində əldə olunan nailiyyətlər ARDNŞ-in icrası 2010-2015-ci illərə nəzərdə tutulan “Nanoneft” proqramına layiqli töhfədir. Həmçinin ARDNŞ-də yeni yaradılmış “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması istiqamətində səmərəli iş aparılır.